DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Serbiya MN: İki MiQ-29 naməlum uçan obyekti yaxalamağa qaldırılsa da, hədəf radardan itib

Təyyarələr onu axtarsalar da, obyektin yerini müəyyən edə bilməyiblər.
Sputnik
BAKI, 30 mart - Sputnik. Serbiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə paytaxt Belqraddan 100 km aralıda yerləşən Valevo şəhəri ərazisində naməlum uçan obyekti yaxalamaq üçün havaya qaldırılıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə radarları saat 10:39-da (Bakı vaxtı ilə 13:39) Valevo şəhəri üzərində 5,5 km yüksəklikdə naməlum obyekt aşkarlayıb:
“Serbiya Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandar Vuçiçin əmrinə əsasən bir cüt növbətçi-yaxalayıcı MiQ-29 havaya qaldırılıb, növbətçi hava hücumundan müdafiə sistemləri hava məkanına nəzarəti davam etdirib”.
Lakin tezliklə hədəf radar ekranlarından itib. Təyyarələr onu axtarsalar da, obyektin yerini müəyyən edə bilməyiblər, bundan sonra yaxalayıcılar öz aerodromlarına qayıdıblar.
Qeyd edək ki, Valevo şəhərində bir neçə iri sənaye müəssisəsi, o cümlədən ölkənin müdafiə kompleksində mühüm rol oynayan Krusik zavodu yerləşir.