TƏHLİL

MDB ölkələrində radikal təşkilatlara meylliliyi artıran məqamlar hansılardır?

Bu gün ekstremist qüvvələr maliyyə mənbələri hesabına MDB ölkələrində özlərinə sağlam dayaqlar yaratmağa çalışırlar.
Sputnik
BAKI, 30 mart — Sputnik. Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da törədilmiş qanlı terror hücumu radikal ekstremist təşkilatlarla mübarizədə qətiyyətli olmağın əhəmiyyətini bir daha təsdiqlədi. Terrorun dəhşətli üzü hər kəsi sarsıdır. Burada qəzəb doğuran digər bir məqam isə terrorun qlobal güclərin əlində alət olmasıdır. Heç kəsə sirr deyil ki, qlobal terrorizmə qarşı mübarizə adı altında həyata keçirilən tədbirlər əslində qlobal güclərin geostrateji maraqlarına xidmət üçün istifadə edilir.
Kütlələri qorxutmaq üçün ən təsirli vasitə
Bu gün terror dünyanın bütün nöqtələrində kütlələri qorxutmaq üçün ən təsirli vasitə kimi tətbiq edilir. Qlobal terrorizmin son 30 illik dövrdə gəlib çatdığı mərhələ onun təhlükəlilik səviyyəsini daha yaxşı anlamağa imkan verir. Bu gün terrora və terrorçuya münasibət əslində strateji maraqlar əsasında formalaşır. Dünyanın bir qütbündə terrorçu təşkilat kimi qəbul olunan qüvvələr, digər qütbdə real siyasi qüvvə kimi təqdim olunur.
"Ərəb baharı"nın tüğyan etdiyi illər terrorizmin yenidən çiçəklənmə dövrü hesab edilə bilər. İŞİD* terror təşkilatının İraq, Suriya və digər ölkələrdə törətdiyi amansız hücumlar terrorun siyasi və iqtisadi dayaqları ilə bağlı maraqlı məqamları üzə çıxardı. Ekspertlər qeyd edir ki, terror təşkilatlarının insan resursları iqtisadi baxımdan zəif ölkələrin hesabına təmin edilir. Bununla yanaşı ideoloji boşluqların olduğu, vətəndaş-dövlət-din münasibətlərinin düzgün şəkildə tənzimlənmədiyi ölkələr terror təşkilatları üçün resurs mənbəyi kimi çıxış edir.
MDB
SSRİ-nin dağılmasından sonra MDB-nin müsəlman ölkələrində radikallaşma üçün münbit şərait yaranmışdı
MDB məkanında terrorizm təhdidlərinin qarşısının alınması üçün birgə fəaliyyətin gücləndirilməsi hər zaman prioritet təşkil edir. SSRİ-nin dağılmasından sonra MDB-nin müsəlman ölkələrində radikallaşma üçün münbit şərait yaranmışdı. Keçmiş sovet ölkələrinə xaricdən gələn missionerlərin fəaliyyəti MDB məkanında öz nəticələrini verirdi. Hələ ötən əsrin 90-cı illərində terror radikal terror təşkilatlarının MDB məkanında fəaliyyətləri gələcəkdə böyüyəcək təhlükənin xəbərçisi idi.
Bu gün konkret olaraq Mərkəzi Asiyanın 3 ölkəsi terrorla sərhəd hesab oluna bilər. Əfqanıstanın qonşuluğunda yerləşən Tacikistan, Özbəkistan və Türkmənistan radikal ekstremist qüvvələrlə təmas xəttində yerləşir deyə bilərik.
Radikal ideologiyaların güclənməsi risklər yaradır
Bu baxımdan Mərkəzi və Cənubi Asiyada radikal silahlı qruplaşmaları formalaşdıran və onlara dəstək verən bataqlığın qurudulması prioritetə çevrilib. Bu bataqlığın yaranması dövlət institutlarının, iqtisadiyyatın zəifliyi, yoxsulluq, yüksək doğum fonunda yüksək işsizlik, geniş yayılmış savadsızlıq, ənənəvi sosial institutların aşınması ilə əlaqələndirilir. Radikal ideologiyaların güclənməsi, narkotiklərin və qeyri-qanuni silahların sərbəst dövriyyəsi və bu ölkələrin hamıdan təcrid olunması risklərini yaradır.
Bu gün ekstremist qüvvələr maliyyə mənbələri hesabına MDB ölkələrində özlərinə sağlam dayaqlar yaratmağa çalışırlar. Terror təşkilatları üçün sosial bazanın formalaşdırılması həm də ideoloji əsasların yaradılması ilə mümkün ola bilərdi. Bu baxımdan nəhəng maliyyə resurslarına çıxışı olan radikal qrupların ətrafında böyük kütlələrin toplaması elə də çətin olmadı. Radikal qrupların ideoloji və iqtisadi təsir imkanlarından insan resurslarını öz məqsədləri üçün istifadə etməyə imkan verirdi. Bunun nəticəsi olaraq, ötən on illiklər ərzində MDB ölkələrindən minlərlə şəxs Suriyada və İraqda İŞİD* və digər ekstremist terror təşkilatlarının tərkibində döyüşlərlə iştirak edirdi.
MDB ölkələri terror təhlükəsini yaxşı anlayırlar
MDB ölkələri arasında Tacikistan terrorizm təhdidi ilə üz-üzə qalan əsas ölkə hesab olunur. Tacikistan 2021-ci ilin avqustunda 1357 km sərhədə malik olduğu Əfqanıstanda Taliban tərəfindən hakimiyyət ələ keçirildikdən sonra terrorla mübarizə səylərini gücləndirib. Tacikistan hökuməti bildirir ki, Əfqanıstanın şimalı terror fəaliyyətinin əsas mənbəyidir və minlərlə radikal ekstremistlərə ev sahibliyi edir. Tacikistanın əsas narahatlığı Əfqanıstandan fəaliyyət göstərən və İslam dövləti qurmaq üçün Tacikistan hökumətini devirməyə çalışan İŞİD-in* "Vilayəti Xorasan" və Camaat Ənsarullah qrupları ilə bağlıdır.
BMT-nin Terrora qarşı Mübarizə Komitəsinin məlumatına görə, Tacikistanın ən azı 1000 vətəndaşının Suriya və İraqdakı münaqişə bölgələrinə getdiyi təxmin edilir. O cümlədən Əfqanistan,Pakistan sərhəd bölgəsində fəal olan terror qruplaşmalarına xeyli sayda Tacikistan vətəndaşı qoşulub. Bu qruplara Taliban, Özbəkistan İslam Hərəkatı (həmçinin Türküstan İslam Hərəkatı kimi tanınır) və İŞİD-in* regional hücrələri daxildir. Bildirilir ki, terrorçu və ekstremist qruplar xaricdəki böyük tacik diasporu və əmək miqrantları arasından öz sıralarına yeni üzvlər cəlb ediblər.
BMT
MDB ölkələri terror təhlükəsini yaxşı anlayırlar. İslamın radikal qanadlarının bu respublikalardan güclənməməsi üçün yerli hökumətlər də addımlarını sərtləşdirirlər. Bu addımlar xüsusən də, radikal dini cərəyanların faəliyyətinə , milli xarakter daşımayan geyimlərə qadağaların tətbiqində özünü göstərir.
Azərbaycan vətəndaşları da radikal ekstremist qüvvələrin təsiri altında müxtəlif münaqişə zonalarında döyüşlərə qatılıblar. Onların bir qismi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq həbs qəti imkan tədbirləri seçilib. 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir. Azərbaycan hazırda terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub.
Yeni üzvlərin cəlbolunma mexanizmləri
Anti-terror fəaliyyətlərinin genişləndirilməsi üçün koordinasiya olunmuş mexanizmlərin tətbiqi zərurətə çevrilib. Qlobal terror təşkilatlarına yeni üzvlərin cəlb edilməsində istifadə olunan mexanizmlər bu baxımdan diqqətdə saxlanılmalıdır. Araşdırmalar zamanı müəyyən edilib ki, əsasən böyük maliyyə imkanlarına malik fondlar vasitəsilə müsəlman ölkələrində göstərilən fəaliyyət bu cəlbetmə prosesinin təməlini təşkil edir. Əsasən xeyriyyə tədbirləri ilə yerli icmalar daxilində nüfuz qazanan bu fondlar sonraki fəaliyyətlərini ideoloji istiqamətləri üzrə davam etdirirlər. Amma radikal ekstremist qüvvələrə qoşulanların hamısını iqtisadi asılılıqla əlaqələndirmək doğru olmaz. Çünki məhz İŞİD* örnəyində görürük ki, Qərbin inkişaf etmiş ölkələrin vətəndaşları da radikal terror təşkilatlarının üzvü ola bilir. Bu isə həmin cəmiyyətlərdə aparılan ideoloji işin "səmərə"si hesab oluna bilər.
* Rusiyada qadağan olunmuş terrorçu təşkilat