AZƏRBAYCAN XƏBƏRLƏRİ

Xidməti mənzillərdə yaşayan polislərə güzəşt təklif olundu

Müvafiq qanuna görə xidmət müddəti başa çatanda, yəni təqaüdə çıxanda onlar xidməti evlərini təhvil verməlidirlər.
Sputnik
BAKI, 29 mart - Sputnik. Parlamentdə xidməti mənzillərdə yaşayan polislərə güzəşt təklif olunub.
Belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov çıxış edib.
Deputat bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi zamanı polisimiz əsl fədakarlıq nümayiş etdirib. İkinci Qarabağ müharibəsində polisimiz arxa cəbhədə öz xidməti vəzifəsini fədakarcasına davam etdirsə də, Birinci Qarabağ müharibəsinin başlandığı ilk gündən əlinə silah alaraq ön cəbhədə düşmənlə vuruşaraq əsl qəhrəmanlıq göstərib:
“Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş polis veteranlarımızın bir hissəsi bu gün də şərəflə xidmətlərini davam etdirirlər. Bu gün xidmətini davam etdirən veteran polislərimizin mənzillə təmin olunmayanlarının bir hissəsi xidməti evlərdə yaşayırlar. Amma müvafiq qanuna görə, xidmət müddəti başa çatanda, yəni təqaüdə çıxanda onlar xidməti evlərini təhvil verməlidirlər. Bu da uzun illər sədaqətlə xidmət edən və mənzili olmayan polis ailələrini çətinliklə qarşılaşdırır. Veteran polislər müvafiq qanunda xidmət müddəti başa çatandan mənzillə təmin olunana qədər xidməti mənzillərdə yaşamağa davam etmələrinə imkan verən bir dəyişikliyin edilməsinin mümkünlüyünə baxılmasını xahiş edirlər".