BAKI, 29 mart — Sputnik. Milli Məclisdə "Təhsil haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirilib ki, qanuna təklif edilən dəyişikliklər sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb və qanunun yeni redaktədə təqdim olunan 14.8-1-ci maddəsində bu şəxslərin tam dairəsi müəyyən edilib.
O, Prezident İlham Əliyevin əhalinin aztəminatlı təbəqələrindən olan və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını genişləndirməyə xidmət edən siyasətindən söz açıb, dövlət başçısının müvafiq tapşırıqları ilə ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının və həcminin ilbəil artırılmasından, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsindən danışıb.
Qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi, peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi və digər islahatlar dövlət başçısının təhsilə, insan kapitalının inkişafına, xüsusən də sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək diqqətinin təzahürüdür.
Qeyd edək ki, dəyişikliyə əsasən, qanunun 14.8-1-ci maddəsi aşağıdakı redaksiyada veriləcək:
Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
-dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
-dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
-dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər;
-dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;
-dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
-dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
-dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
-dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.