CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokuror şəxsin valideynlik hüququndan məhrum edilməsi barədə iddia qaldıra biləcək

Valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına Prokurorluq orqanları da əlavə edilib.
Sputnik
BAKI, 29 mart — Sputnik. Milli Məclisdə Ailə Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qeyd olunub ki, bir çox hallarda yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqan qismində Baş Prokurorluq tərəfindən azyaşlıların həyatı üçün təhlükə yaradan valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə çoxsaylı iddialar qaldırılsa da, məhkəmələr tərəfindən Prokurorluğun qeyd edilən iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddialar təmin edilmir. Bu baxımdan Ailə Məcəlləsinə təqdim olunan dəyişikliklər valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına Prokurorluq orqanlarının da əlavə edilməsini özündə ehtiva edir.
Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.