BAKI, 29 mart — Sputnik. Polis əməkdaşları ötən gün ölkə ərazisində 50 kiloqramdan artıq narkotik aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun yaydığı məlumata görə, ondan çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib.
Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb.
Onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.
Qeyd edək ki, Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.
Yığıncaqda narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib.
Vurğulanıb ki, iclasda 23 yeni narkotik vasitə, psixotrop maddə və onları prekursorları qadağan edilmiş maddələrin siyahısına əlavə olunub və 4 yeni qətnamə qəbul edilib.