BAKI, 29 mart — Sputnik. Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.