DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vahid Aİ ordusu ideyası qüsurludur - Foreign Policy

Materialın müəllifi hesab edir ki, istənilən belə ordu yaradılarsa, güc tətbiqinə öz yanaşması ola biləcək Fransa, Almaniya, Macarıstan və ya hər hansı digər üzv dövlətin veto hüququna tabe olacaq.
Sputnik
BAKI, 28 mart — Sputnik. Vahid Aİ ordusunun yaradılması ideyası kökündən qüsurlu bir fikirdir, çünki bir sıra kritik hərbi məsələlərə dair fərqli baxışlar qaçılmaz olaraq daxili çəkişmələrə səbəb olacaq. Bu barədə Foreign Policy-nin Bart Şevçik yazıb.

"Nəzəri olaraq, qüvvələrin birləşdirilməsi ideyası cəlbedici görünür.. Amma nə qədər ki, Aİ milli dövlətlərdən ibarətdir, birgə hərbi qüvvə ideyası kökündən yanlışdır", – məqalədə deyilir.

Materialın müəllifi hesab edir ki, istənilən belə ordu yaradılarsa, güc tətbiqinə öz yanaşması ola biləcək Fransa, Almaniya, Macarıstan və ya hər hansı digər üzv dövlətin veto hüququna tabe olacaq.

"Minlərlə vətəndaşının həyatının risk altında olduğunu nəzərə alsaq, Paris, Berlin və ya Varşavanın bu qərara yekun veto qoymadan öz əsgərlərini Aİ bayrağı altında göndərmək istəmələri ağlasığmazdır", - analtik qeyd edir.

Bartın fikrincə, ortaq qüvvə ideyası çıxılmaz nöqtədir və ortaq, mərkəzləşdirilmiş Avropa müdafiəsi olmayacaq. Əvəzində Avropa effektiv hərbi gücə çevrilmək istəyirsə, diqqətini milli imkanların yaradılmasına və üzv dövlətlərin məsuliyyətinə cəlb etməlidir.
Bundan əvvəl Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell vahid Aİ ordusunun yaradılması üçün Aİ-yə üzv 27 ölkənin silahlı qüvvələrinin ləğv edilməsi ideyasını reallıqdan kənar adlandırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.