"Crocus City"də terror aktı

ABŞ terror aktı təhlükəsi barədə məlumatları Rusiyaya ötürməyib - KİV

FTX direktoru Aleksandr Bortnikov deyib ki, martın əvvəlində Rusiyada terror aktının hazırlanması barədə Vaşinqton tərəfindən yayılan məlumat ümumi xarakter daşıyır.
Sputnik
BAKI, 28 mart — Sputnik. ABŞ kəşfiyyat qurumları Rusiya hakimiyyətinin onların kəşfiyyat mənbələri və ya iş üsulları barədə məlumat ala biləcəyindən ehtiyat edərək, Moskva vilayətindəki "Crocus City Hall"da terror aktı təhlükəsi ilə bağlı əldə etdikləri bütün məlumatları Rusiya tərəfinə təqdim etməyib. Bu barədə "New York Times" qəzeti Avropa və ABŞ təhlükəsizlik xidmətlərinin rəsmilərinə istinadən məlumat verib.
Qəzet yazır: "Moskva və Vaşinqton arasında düşmənçilik münasibətləri amerikalı məmurların terrorçuların planı haqqında daha çox məlumat ötürməsinə mane oldu, çünki Rusiya hakimiyyəti onların kəşfiyyat mənbələri və ya üsullarını öyrənə bilər".
FTX direktoru Aleksandr Bortnikov deyib ki, martın əvvəlində Rusiyada terror aktının hazırlanması barədə Vaşinqton tərəfindən yayılan məlumat ümumi xarakter daşıyır və Rusiya xüsusi xidmət orqanları buna cavab verib. Eyni zamanda o, planlaşdırılan terror aktları ilə bağlı ABŞ məlumatlarının həmişə konkret olmadığını qeyd edib və təfərrüatların verilməsini istəyib.
Aleksandr Bortnikov, arxiv
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.
Terror aktı nəticəsində 140 nəfər ölüb, 359 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.