SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Simonyan: Rusiyanın Ermənistanı Türkiyədən qoruyacağına şübhə edirəm

Simonyan eyni zamanda deyib ki, Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçilərinin Ermənistanı müdafiə edə biləcəyinə və müdafiə edəcəyinə şübhə edir.
Sputnik
BAKI, 27 mart — Sputnik. Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasından söhbət getməyib. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya sərhədçilərinin sərhədin bu hissəsindən çıxarılması məsələsi ilə "Zvartnots"dakı sərhədçilərin məsələsi eyni deyil.
Simonyan eyni zamanda deyib ki, Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçilərinin Ermənistanı müdafiə edə biləcəyinə və müdafiə edəcəyinə şübhə edir.
"Biz bir şeyi aydınlaşdırmalıyıq ki, Ermənistanın öz ərazisində Rusiya qüvvələrinin və sərhədçilərinin olmasına nə qədər ehtiyacı varsa, Rusiyanın da buna ikiqat ehtiyacı var. Ermənistanın müstəqil dövlət olması faktı aqəbul ediləndə münasibətlərimizdə bütün müzakirələrin aparılması daha asan olacaq".
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan avqustun 1-dən etibarən Zvartnots hava limanında müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək niyyəti barədə Rusiya tərəfini rəsmi məlumatlandırıb.
Rusiya sərhədçiləri 1992-ci il sentyabrın 30-da İrəvanda bağlanmış Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu haqqında dövlətlərarası sazişə uyğun olaraq Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində xidmət edir. Rusiya FTX-nin Ermənistandakı sərhəd departamentinə dörd sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Meqri, həmçinin İrəvandakı Zvartnots beynəlxalq hava limanında ayrıca keçid məntəqəsi daxildir.