BAKI, 27 mart — Sputnik. ABŞ və onun müttəfiqləri Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) yaraqlılarının Qırmızı dənizdəki yük gəmilərinə və hərbi gəmilərə endirilən silahlı hücumlarının qarşısını ala bilmirlər.
Bu barədə Rusiya mediası "Bloomberg" agentliyinə istinadən xəbər verib.
"Bütün bahalı silahlara baxmayaraq, onlar (ABŞ) mülki yük gəmilərinə və döyüş gəmilərinə endirilən hücumlarının qarşısını ala bilmirlər" - agentliyin açıqlamasında deyilir.
Adının açıqlanmasını istəməyən bir amerikalı hərbi rəsmi nəşrə deyib ki, Yəmən husilərinin hücumlarının qarşısını almaq Vaşinqton üçün olduqca baha başa gəlir və ABŞ üçün sərfəli deyil.
Eyni zamanda jurnalistlər bildiriblər ki, husilər Qırmızı dənizdə keçən gəmilərə daha bir neçə ay ərzində hücumlarını indiki templə davam etdirə biləcəklər.
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Yəmən husiləri İsrail və onların müttəfiqləri ilə əlaqəli ticarət gəmilərinə hücum etməyə başlayıblar. Bununla yanaşı, bütün dünya ticarətinin təxminən 12%-i Qırmızı dənizdən keçir, buna görə də husilərin hücumları iqtisadiyyata nəzərəçarpacaq təsir göstərib.
Xatırladaq ki, Vaşinqton regionunda gəmiçiliyi qorumaq üçün Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç və digər ölkələrin qoşulduğu "Rifahın Mühafizəsi" əməliyyatını həyata keçirib.