BAKI, 27 mart — Sputnik. Rusiya və Çin arasında transsərhəd ticarətdə milli valyutalarla hesablaşmaların payı 92%-ə çatıb. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Boao Asiya Forumunda bildirib.
O qeyd edib ki, milli valyutalarla ödənişlərin istifadəsi üzrə eyni göstərici 92% Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarətdə əldə edilib, bütün ticarət ödənişlərinin üçdə biri rublla həyata keçirilir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk
© Sputnik / Murad Orujov
"Biz öz bank sistemlərimizi yaratmışıq, beynəlxalq maliyyə əməliyyatlarına dəstək veririk və digər ölkələrlə yeni sistemlərin yaradılması imkanlarını araşdırmaqdan məmnunuq, çünki dollardan silah kimi istifadənin qeyri-sabitlik və qeyri-müəyyənlik gətirdiyini gördük", - Overçuk deyib.
O əlavə edib ki, bu, onların (ABŞ-red.) qərarı idi, lakin biz oturub nə olacağını gözləyə bilməzdik və cavabımız son dərəcə təsirli oldu.
"İqtisadiyyatımız böyüyür və biz dostlarımızla, qonşularımızla birlikdə böyüyürük", - o, əlavə edib.
Martın 26-də Çinin Haynan adasındakı Boaoda qeyri-rəsmi olaraq "Şərqin Davosu" adlandırılan Asiya İqtisadi Forumu işə başlayıb. Forum martın 29-dək "Asiya və dünya: ümumi çağırışlar, ortaq məsuliyyət" devizi altında keçiriləcək.