Qarabağın dirçəlişi və reinteqrasiyası

Xocalıya ilk köçün tarixi açıqlanıb

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.
Sputnik
BAKI, 21 mart - Sputnik. Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.
Bunu “Report”a açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.
21.03.24
Bu il həm də Xocalı və Xankəndiyə məcburi köçkünlər köçürüləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, 2024-cü ildə Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub.
Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən 2024-cü ildə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələri, eləcə də adıçəkilən ərazilərdə qeydiyyatda olan məcburi köçkünlərin sorğusu həyata keçirilir.
Qeyd edilib ki, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur.
Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdə qeydiyyatda olan məcburi köçkünlər işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş, eyni zamanda yenidən inşa edilən bütün zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.
Yenidən inşa edilən mənzillərə köçürülmə ilə bağlı siyahı ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr arasından seçilir və onların yerləşdirilməsində obyektivlik və şəffaflıq püşkatma yolu ilə təmin edilir.