CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ADY və AYNA-parkinq tariflərini artırmalarının səbəbini açıqladı

Qurumdan bildirilib ki, ərazi sərşinlərin qarşılanması və yola salınması zonasıdır.
Sputnik
BAKI, 27 mart — Sputnik. Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlərin bahalaşması, eləcədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı Dəmiryol Vağzalının ərazisində yeni müəyyənləşmiş parklanma qiymətləri narazılıqlara səbəb olub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı Dəmiryol Vağzalının ərazisində parklanma qiymətləri ilə bağlı səslənən narazılıqlara münasibət bildirib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində ("28 May" metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək. Sözügedən ərazi sərşinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb.
Qurumdan bildirilib ki, dəmiryolundan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından 15 dəqiqə ödənişsiz vaxt müddəti təyin edilib. Qarşılanma və yola salınma zonasının 72 avtomobili parkinq etmək tutumu var. Bu baxımdan ərazi ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olması üçün nəzərdə tutulub. 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər. Eyni zamanda sözügedən zonada avtomobillərin sutkalıq və ya daimi saxlanılması arzuedilən deyil, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan sərnişinlərinin rahat gəlib gedişinə maneə törədir.
Dayanma-durmaya qaydaları pozan avtomobillər
"Nəzərə alsaq ki, ADY-na məxsus qatarlardan gündəlik olaraq 30 mindən çox sərnişin istifadə edir ilk növbədə sərnişinlərimizin Bakı Dəmiryol Vağzalının xidmətlərindən rahat istifadə etmələri və parkinq ərazisinə manesiz daxil olmaları üçün şərait yaradılacaq. Tariflərin yüksək olmasına gəlincə bu zonanın təyinatı ilk növbədə sərnişinlərin vağzal ərazisinə rahat daxil olmaları və çıxışını təmin etməkdir. Ərazidə uzunmüddətli maşın saxlamaq istəyənlər vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqları xidmətlərindən istifadə edə bilərlər" deyə "Azərbaycan Dəmir Yolları", - QSC-dən bildirilib.
Məlumat üçün bildirək ki, Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillər üçün parkinq tarifləri müəyyənləşib. Parklanma qiymətləri aşağıdakı kimidir:
İlk 15 dəqiqə pulsuzdur.
15-30 dəqiqə - 1 manat,
30-60 dəqiqə - 2 manat,
1-2 saat - 4 manat,
2-3 saat - 6 manat,
3-5 saat – 10 manat,
5-7 saat - 14 manat,
7-10 saat - 18 manat,
10-15 saat – 22 manat,
15-20 saat – 26 manat,
20-24 saat – 30 manat.
Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Qış Parkında parkinq qiymətləri kəskin artdı

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər də bahalaşıb. Məlumatlara görə, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.
Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
Qonşular tarifi - 50 manat (20 manat).
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
Bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
AYNA "Qış Parkı"nın yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlərin bahalaşmasına münasibət bildirib. Sputnik Azərbaycan-ın sorğusuna qurumdan verilmiş cavabda qeyd edilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.
"Qeyd edək, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib".
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, "Qış Parkı" adlanan ərazidə yerin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avto-dayanacaq logistik olaraq sərfəli yerdədir.
Natiq Cəfərli
"Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, avtomobilləri qapalı parkinqdə saxlamalıdırlar ki, piyadalar şəhərin mərkəzində rahat hərəkət etsinlər. İndi məmurlar "Qış Parkı"ndakı yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170% artırıblar. Əslində bunun əksi olmalı idi ki, gün ərzində o ərazidə işləyənlərin yeraltı dayanacaqda avtomobillərini park etməsi stimullaşsın. Ümumiyyətlə, son zamanlar parkinq məsələsində ard-ardına absurd qərarlar qəbul edilir ki, bunu da "insan üçün şəhər", kimi cəlbedici şüarlarla ört-basdır edirlər.
"Qış Parkı"nda yeraltı dayanacağı xalqın ödədiyi vergilərlə dövlət inşa edərək AYNA adlı qurumun idarəetməsinə verib. Onlar isə istədikləri tarifi müəyyən edir. Amma bura özəl parklanma yeri deyil, özəl sektorun investisiyası ilə tikilməyib. Bundan əlavə, ölkədə kommunal xidmətlərin qiyməti artmayıb. Yaxşı, nə baş verib ki, AYNA özündən qiyməti artırıb?! Belə çıxır ki, parklanma qiymətləri AYNA-nın rəhbəri minlərlə manat maaş, mükafat alması, özlərinə xarici səfərlər təşkil etməsi üçün artırılıb?!", - Natiq Cəfərli bildirib.
Məlumat üçün onu da əlavə edək ki, qonşu Gürcüstanla müqayisədə Azərbaycanda parkinq qiymətləri arasındakı fərq kifayət qədər yüksəkdir. Gürcüstanda parkinq qiyməti 1 həftə - 4 GEL (ödəniş anından sonrakı 6 təqvim günü ərzində); - 2 manat 50 qəpik, 6 ay - 25 GEL (ödəniş anından sonrakı 182 təqvim günü ərzində); 15 manat 67 qəpik, 1 il – 50 lari (ödəniş anından növbəti ilin müvafiq təqvim gününə qədər) 31 manat 34 qəpikdir. 1 saat üçün isə qiymət 1 laridir (62 qəpik).