“Adətən mart ayında yağış yağdıqdan sonra günəşli hava müşahidə olunur. Torpaq qızan kimi quzuqarnı böyüməyə başlayır. Bu il isə mart ayı başlayandan bizim bölgədə havalar soyuq keçir. Meşədə bu göbələyi tapmaq olduqca çətinləşib. Buna görə də satışa çox az göbələk çıxara bilirik. Qiymət də ona görə ötən illərə nisbətən bahadır. Satışda iki cür quzuqarnı var. Sarı quzuqarnı 35, qaraları isə 40 manatdır. İki ay ərzində yetişən quzuqarnını mayın əvvəlinədək yığmaq mümkündür. Toplamaq çox çətindir. Kol-kosun içində, adətən qovaq və fındıq ağaclarının dibində yetişir”.
“Quzuqarnı yazın gəlişini simvolizə edən bir bitkidir. Novruz bayramından sonra bu dadlı göbələyi yeməyin mövsümü başlayır. Digər göbələklərin hamısı istixana şəraitində yetişir və marketlərdə satılır. Quzuqarnı isə meşələrdən əl əməyi ilə, zəhmətlə yığılır. İnanın, bu göbələyi toplamaq o qədər çətindir ki, mən özüm yığsam heç 100 manata da satmaram. Onu da qeyd edim ki, quzuqarnı toplamaq həm də çox zövqlü və əyləncəli bir məşğuliyyətdir”,- deyə alıcı İftixar Ələsgərov bildirib.