BAKI, 25 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, hazırda Crocus City Hall konsert zalında baş verən terror aktını kimin törətdiyi məlumdur. Onun sözlərinə görə, maraqlı olan cinayəti kimlərin sifariş etməsidir.
"Biz bilirik ki, Rusiyaya və onun xalqına qarşı bu vəhşilik kimin əli ilə edilib. Bizi sifarişçinin kim olması maraqlandırır", - deyə Putin terror aktından sonra görülən tədbirlərlə bağlı görüş zamanı deyib.
Prezident qeyd edib ki, ABŞ müxtəlif kanallar vasitəsilə öz tərəfdaşlarını və dünyanın digər ölkələrini inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, Moskva terrorunda guya Kiyev izi yoxdur, cinayətin İslam ardıcılları tərəfindən - Rusiyada qadağan edilmiş İŞİD* təşkilatının üzvləri tərəfindən törədilib.
“Əlbəttə ki, terrorçuların cinayət törətdikdən sonra niyə Ukraynaya getməyə cəhd etdikləri və onları orada kimlər gözlədiyi sualına da cavab verməliyik”, - deyə Putin vurğulayıb.
Rusiya Federasiyasının prezidenti martın 22-də Rusiya paytaxtında törədilən terror aktının hədə-qorxu aktı olduğuna işarə edib.
“Və dərhal sual yaranır: bundan kimə xeyir gəlir? Bu vəhşilik yalnız neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən ölkəmizə qarşı mübarizə aparanların bütöv bir sıra cəhdlərinin bir halqası ola bilər”, - deyə dövlət başçısı izah edib.
Eyni zamanda o, terror aktını planlaşdıranların Rusiya cəmiyyətində çaxnaşma və nifaq salmağa ümid etdiklərini, lakin onun birliyi və şərə müqavimət göstərmək əzmi sayəsində buna nail ola bilmədiklərinə diqqət çəkib.
“Bu çətin dövrdə cəmiyyətimiz əsl həmrəylik, birlik və qarşılıqlı dəstək nümunəsi göstərdi”, - deyə Rusiya prezidenti əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın bütün regionlarından müxtəlif millətlərin nümayəndələri, hər yaşda olan insanlar, o cümlədən uşaqlar, məktəblilər və tələbələr həlak olanların ailələrinə başsağlığı verirlər.
O, insanları xilas edən, ağır şəraitdə yaralılara yardım edən hər kəsə təşəkkür edib.
Putin həmçinin vəhşi terror aktı zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.