BAKI, 24 mart — Sputnik. "İslam dininə görə cənazə mərasimi üç gündür. Üç gündən sonra yas mərasimləri keçirməyin, ehsan süfrəsi açmağın islam dini ilə heç bir əlaqəsi yoxdur".
Bu sözləri Sputnik Azərbaycan-a İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov söyləyib.
Qeyd edək ki, ötən gün yayılan məlumata görə, Şəkinin bir neçə kəndində yas mərasimlərində ehsan məqsədilə yemək verilməsinə qadağa qoyulub. Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək. Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildiriblər. Hətta qeyd edilib ki, artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur.
E.Mahmudov Sputnik Azərbaycan-a deyib ki, digər şəhər və kənd axundları tərəfindən də bu qərar dəstəklənməlidir:
"İslam dinində ehsan vermək, cümə axşamı, yeddi və qırx mərasimlərinin keçirilməsi yoxdur. Peyğəmbərimizin həyatında üç gün üzüntü günləri olub. Həmin dövrdə ev sahibini sakitləşdirmək, onun dərdinə şərik olmaq üçün hər kəs əlindən gələni edir, üzüntü günlərində yaslı evə yemək hazırlayıb aparırdılar. Amma hazırda ev sahibi ölünü dəfn etdikdən sonra ehsanı necə verəcəyini düşünür. Kəndlərdə və şəhərlərdə imamlar Şəkidə verilmiş bu qərarı dəstəkləməlidirlər. Çünki, yeni tətbiq edilən qayda islamın ruhuna uyğundur".
O, qeyd edib ki, hüzür düşən evlərə qohum-əqraba, tanışlar baş sağlığı vermək məqsədilə digər günlərdə də gedə bilərlər:
"Burada heç bir qadağa yoxdur. Amma bunu təmtəraqla ehsan süfrələri şəklinə salmaq düzgün deyil. Bu adət-ənənəyə əməl etmək üçün kasıb insanlar bankdan kredit götürüb ehsan süfrəsi təşkil edirlər. Doğmasını itirən insan yasdan sonra krediti ödəməyin üzüntüsünü çəkir".
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a bildirib ki, yas mərasimlərindəki israfçılıq qadağan edilməlidir:
"Bu cəmiyyətin işidir. Dövlət tərəfindən buna hər hansı müdaxilə etmək olmaz. Əzizini itirən insanın üzüntülü günündə ona ancaq bu tövsiyə oluna bilər. Ona görə də yas formatları dəyişməlidir. İsrafçılığın qarşısı alınmaqla bunu etmək lazımdır. Bu qayda təkcə Şəkidə yox, bütün ölkədə tətbiq olunmalıdır".
Deputat illərdir bunun təbliğ olunduğunu, amma tam nəticə vermədiyini söyləyib. Onun fikrincə, Şəkinin kəndlərində yas mərasimlərində yeməyin verilməməsi ilə bağlı qərar dindarlar tərəfindən də dəstəklənərək təşviq olunmalıdır. Yasda ehsan üçün yemək verilməsi cəmiyyət tərəfindən qadağan edilməlidir.
Xatırladaq ki, daha əvvəl də Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıblar. Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.