BAKI, 24 mart - Sputnik. Qərb qoşunlarının Ukraynaya göndərilməsi NATO ilə Rusiya arasında yeni dünya müharibəsinə səbəb ola biləcək silahlı münaqişə təhlükəsi yaradacaq. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O hesab edir ki, NATO qoşunlarının Ukraynaya göndərilməsindən danışarkən bəzi Qərb siyasətçiləri bu təşkilatın üzvlərinin kollektiv təhlükəsizliyini nəzərdə tutan “Şimali Atlantika Müqaviləsi”nin beşinci maddəsindən sui-istifadə edirlər.
“Əgər quru qoşunları göndərilsə, öz qoşunlarını göndərən NATO dövləti ilə Rusiya arasında qarşıdurmadan qaçmaq mümkün olmaz və bu andan etibarən 5-ci maddəyə istinad dünya müharibəsinin başlaması üçün real təhlükə yaradar”, - deyə XİN rəhbəri izah edib.
Nazir xatırladıb ki, NATO müdafiə ittifaqıdır, ona heç kim hücum etmir və ona görə də indi özünü heç kimdən müdafiə etməyə ehtiyac yoxdur. Siyarto deyib: “Kiminsə sağlam düşüncəni nəzərə almadan qəbul edilmiş qərar əsasında hərbi münaqişəyə qarışması və sonra başqalarından ona qoşulmasını istəməsi tamamilə qəbuledilməz olardı”.
O, həmçinin təsdiqləyib ki, Rusiyanın bir müttəfiq kimi NATO və bu hərbi-siyasi blokun ayrı-ayrı üzvləri üçün təhlükə yaratmadığına əmindir. Onun fikrincə, “NATO dünyanın ən güclü müdafiə ittifaqıdır və Rusiyanın hər hansı NATO üzvünə hücum etməsi məntiqsiz olardı, çünki bu, təşkilatı belə bir hücuma cavab verməyə məcbur edər”.