BAKI, 24 mart - Sputnik. İrəvanda polis bölməsinə hücum olub. Hücumda 3 nəfər iştirak edib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliiyindən məlumat verilib.
Məlumata əsasən, hücum edənlərdən ikisi elə özlərinin istifadə etdiyi qumbaranın partlaması nəticəsində yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.
Üçüncü şəxs isə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.
Ermənistan İstintaq Komitəsi İrəvanda üç nəfərin polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.
Ermənistan DİN mətbuat xidmətinin əməkdaşı Narek Sarkisyanın bildirdiyinə görə, hücum edənlər baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.
Hücum edənlərin "Döyüş qardaşlığı" təşkilatının üzvləri olduqları bildirilir.