BAKI, 24 mart - Sputnik. Azərbaycanda işsiz şəxslərin sayı azalır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il mart ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 216,6 min nəfər olub, onların 42,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436 manat olub.
2024-cü il yanvar ayının 1-i vəziyyətinə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 217,6 min nəfər olub, onların 41,8 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 420,6 manat olub.
2024-cü il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfər olub, onlardan 4,9 milyon nəfərini məşğul əhali təşkil edib.
İşsizlikdən sığorta ödənişinin məbləği artıb
Qeyd edək ki, yanvar ayının 1-i ilə müqayisədə ölkədə işsiz şəxslərin sayı 0,4 faiz azalıb. Eyni zamanda işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 3,6 faiz artıb.
65 mindən artıq şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında 65142 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 30115 nəfəri "Əmək və Məşğulluq" altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. 2 ay ərzində 1625 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.
Digər bir istiqamət olaraq 33402 şəxsə peşəyönümü xidmətləri göstərilib.
İşsiz və işaxtaranların qeydiyyata alınma qaydası necədir?
15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi "E-sosial" portalının mövcud autentifikasiya vasitələrindən (elektron imza, FİN kod) istifadə etməklə "Əmək və məşğulluq" altsistemində (ƏMAS) yerləşdirilmiş "Müraciət-Ərizə"ni dolduraraq təsdiq edir. Müraciət ƏMAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır. Bu barədə məlumat ƏMAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və şəxsin mobil telefonuna məlumat göndərilir.
ƏMAS-da işaxtaran kimi qeydiyyata alınmış işi və qazancı olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsə 5 (beş) iş günü müddətində münasib iş təklif etmək mümkün olmadıqda və ya göndəriş verilmiş vakansiyaya qəbul edilməsi işəgötürən tərəfindən imtina edildikdə, eləcə də hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və tərtib olunmuş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla onun şəxsi kabinetinə yerləşdirilir.
İşsizlikdən sığorta ödənişi hansı hallarda ödənilir?
İşəgötürən ləğv edildikdə, ştat ixtisar edildikdə və ya müddətli əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
"Məşğulluğa Dəstək Layihəsi"
Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi"nin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək göstərməkdir.
Layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır.
2020-2025-ci illəri əhatə edən layihə çərçivəsində ümumilikdə 22 000 şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur.
Dövlət Məşğulluq Agentliyi ötən il 41538 gənci işlə təmin edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının əsas hədəflərindən biri də gənclərin məşğulluq imkanlarının artırılmasıdır.
Bu istiqamətdə işlərin davamı olaraq, Agentlik tərəfindən ötən il:
-41538 gənc münasib işlərlə təmin edilib,
-3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb,
-5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub,
-əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.
Eyni zamanda son bir ildə "Səyyar kofe evləri" layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb.
Keçən il Azərbaycanda işsizlik səviyyəsi 5,4 faiz olub
Xatırladaq ki, keçən il iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfər olub, onlardan 4,9 milyon nəfərini məşğul əhali təşkil edib.
2023-cü ilin sonuna Azərbaycanda işsizlik səviyyəsi 5,4 faiz olub.