BAKI, 23 mart - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətində Crocus City Hall-da törədilən terror aktı ilə bağlı başsağlığı verib və heç bir terrorun qəbuledilməz olduğunu bəyan edib. Bu barədə RİA Novosti xəbər yayıb.
“Ölkəm və xalqım adından Moskvada konsert zalında baş vermiş terror aktı ilə əlaqədar Rusiyaya başsağlığı verirəm. Biz günahsız vətəndaşlara qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik”, - deyə Ərdoğan Ankarada seçkiqabağı mitinqdə bildirib.
“Terrorizmi kimin həyata keçirməsindən asılı olmayaraq, qəbuledilməzdir. Türk xalqı terrorun qanlı üzünü yaxşı bilir və rusiyalıların dərdinə şərikdir”, - prezident vurğulayıb.
Rusiya FTX cümə günü axşam saatlarında bildirib ki, atışma və yanğın Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl baş verib. Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, 115 nəfər ölüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.