BAKI, 23 mart - Sputnik. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan bəyan edilmiş neft ixracı 4,5 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin müvafiq aylarının göstəricisindən 11,2% azdır. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.
Hesabata görə, dövr ərzində ixrac edilən neftin ümumi dəyəri 2,8 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 13,1% azdır. Bununla yanaşı, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının ümumi strukturunda neftin payı 59,12% təşkil edib.
Bu dövrdə 16 ölkə Azərbaycan neftini alıb, fevral ayında isə idxalçılar siyahısına Rumıniya, Çexiya, Polşa, Fransa, Almaniya və Xorvatiya qoşulub.
DGK-nın hesabatında göstərilir ki, 2024-cü ilin yanvar-fevral aylarında əsas alıcı Azərbaycandan bütün neft ixracının 35,4%-ni təşkil edən İtaliya olub.
Avropa Azərbaycanın “qara qızıl”ına ümid edir
Qeyd etmək lazımdır ki, Rusiyadan neft idxalını xeyli azaldan Avropa ölkələri “qara qızıl”ın tədarükü üçün alternativ mənbələr axtarırlar. Bunun nəticəsidir ki, Azərbaycan nefti Avropa istehlakçıları arasında kifayət qədər populyardır.
Eurostatın məlumatına görə, 2023-cü ildə Azərbaycan İtaliya, Xorvatiya və digər Avropa İttifaqı ölkələrinə əsas neft tədarükçüsü olub. Belə ki, 2023-cü ildə Avropa ölkələri Azərbaycandan son 4 ildə maksimal həcmdə - təxminən 20,3 milyon ton, 12,4 milyard avro dəyərində neft idxal edib.
Ötən ilin sonunda Azərbaycan tədarük həcminə görə onuncu yeri tutaraq Aİ-yə ən böyük neft ixrac edən ölkələrin ilk onluğuna daxil olub. Azərbaycan neftinin əsas idxalçılarına gəlincə, ötən il Azərbaycandan İtaliyaya “qara qızıl” ixracı 2022-ci illə müqayisədə 25% artaraq 11,3 milyon tona çatıb. Tədarük olunan neftin dəyəri 6,8 milyard avro təşkil edib.
Bundan əlavə, 2023-cü ildə Azərbaycan Xorvatiyanın əsas neft tədarükçüsü olub, bu ölkəyə 1,15 milyon ton 699,2 milyon avro dəyərində neft ixrac edib.
Beləliklə, Xorvatiyaya neft ixracında Qazaxıstan və Konqonu geridə qoyub. Eyni zamanda, 2023-cü ilin sonunda Azərbaycan Rumıniya, Çexiya, İrlandiya, Portuqaliya, Macarıstan, Avstriyaya ilk 5 neft ixracatçısına, Yunanıstan və Polşaya isə ilk 10 neft tədarükçüsünə daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.