BAKI, 22 mart - Sputnik. De-fakto müharibə şəraitindəyik.
“Report” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Ukraynadakı vəziyyət de-yure xüsusi əməliyyat, de-fakto isə müharibədir: “Xüsusi hərbi əməliyyatın hüquqi statusu dəyişmir. Bununla belə, hazırkı vəziyyət bizim üçün de-fakto müharibədir”.
D.Peskov söyləyib ki, döyüşlər kollektiv Qərbin proseslərə müdaxiləsindən sonra müharibəyə çevrilib: “Yəni dəyişikliklər hüquqi mənada deyil, mahiyyət etibarilə baş verib”.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.