CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 21 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 21 mart — Sputnik. Martın 21-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 21-də kimlər dünyaya gəlib?
Səməd Vurğun (1906-1956) - Azərbaycan SSR-in ilk xalq şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi və ictimai xadimdir. Onun ən məşhur əsərləri "Vaqif", "Fərhad və Şirin", "İnsan" və s-dir.
Səməd Vurğun
Əliağa Ağayev (1913-1983) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Əhməd haradadır?", "O olmasın, bu olsun", "Bizim Cəbiş müəllim", "Evlənmək istəyirəm" və s. filmlərdə rol alıb.
Əliağa Ağayev
Timoti Dalton (1946) – İngiltərə teatr və kino aktyorudur. O, daha çox "Ceyn Eyr" serialındakı Edvard Feyrfaks Roçester, "Yaşayan gün işığı" və "Öldürməyə lisenziya" filmlərindəki Ceyms Bond, eləcə də Şekspirin pyesləri əsasında çəkilmiş filmlərdəki rolları ilə tanınır.
Sergey Lavrov (1950) - 2004-cü il martın 9-dan Rusiya Federasiyasının xarici işlər naziridir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Ronaldinyo (1980) - braziliyalı futbolçu və hücumameyilli yarımmüdafiəçidir. Onun əsl adı Ronaldu di Asis Moreyradır. O, Dünya çempionu (2002), "Qızıl top"un qalibi (2005), 2004 və 2005-ci illərdə FİFA-ya görə "Dünyanın ən yaxşı futbolçusu"dur. Ronaldinyo Braziliyanın "Qremio", "Flamenqo", "Atletiko Mineiro", "Fluminense", Fransanın "Paris Sen-Jermen, İspaniyanın "Barselona", İtaliyanın "Milan" və Meksikanın "Keretaro" klublarında oynayıb.
Ronaldinyo
Skott İstvud (1986) amerikalı aktyor və modeldir. O, "Çikaqo yanğınsöndürənləri ", "Təhlükəli", "İblis" və başqa filmlərdə rol alıb.
Martın 21-də dünyada baş verən tarixi hadisələr
1846-cı ildə belçikalı nəfəs aləti istehsalçısı Adolf Saks saksafon musiqi alətini patentləşdirib.
1925-ci ildə ABŞ-ın Tennessi ştatında bütün təhsil müəssisələrində Darvinin təkamül nəzəriyyəsinin insan mənşəyinin Bibliya təfsirinə zidd olaraq öyrədilməsini qadağan edən qanun qəbul edib.
Darvinin təkamül nəzəriyyəsi
1999-cu ildə 478 saatlıq səyahətdən sonra isveçrəli Bertran Pikar və onun həmkarı Brayan Cons Yer kürəsini hava şarı ilə dövrə vuran ilk insanlar olublar.
2006-cı ildə amerikalı proqram təminatı memarı və sahibkar Cek Dorsi özünün yaratdığı "Twitter" sosial şəbəkəsindən ilk mesaj göndərib.
Twitter
Beynəlxalq Novruz Günü 2010-cu ildən qeyd olunur. Müvafiq qətnamə 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən qəbul edilib.
Novruz