Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:06-da daxil olub.
Həmin vaxt gecə ilə gündüz bərabərləşib, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Beləliklə, Şimal yarımkürəsində yaz fəsli başlayıb.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.