DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Virtual reallıq eynəklərindən ilk dəfə əməliyyat zamanı istifadə edilib

Britaniyalı cərrahlar əməliyyat zamanı Apple Vision Pro eynəklərindən istifadə ediblər.
Sputnik
BAKI, 20 mart — Sputnik. İngiltərədə əməliyyat zamanı Apple virtual reallıq eynəklərindən istifadə edilib. Bu barədə "Daily Mail" məlumat yayıb.
Eynəklər Londondakı Kromvell şəxsi hospitalının komandası tərəfindən onurğa əməliyyatı zamanı istifadə edilib.

"Bu, insan səhvinin qarşısını alır. Texnologiya təxminləri aradan qaldırır" - xəstəxananın baş tibb bacısı Suvi Vero hadisəni şərh edib.

Jurnalistlərin fikrincə, bu, tibbdə virtual reallıq eynəklərindən istifadə ilə bağlı ilk belə haldır.
İxtisaslaşmış "9to5Mac" nəşrinin jurnalistləri bildiriblər ki, onların britaniyalı həmkarları Vision Pro-nun imkanlarını həddindən artıq qiymətləndiriblər. Əslində, qadcet cərrah tərəfindən deyil, cihazdan istifadə edərək xəstənin sağlamlıq göstəricilərini daim izləyə bilən tibb bacısı tərəfindən istifadə edilib. Onlar, həmçinin qeyd ediblər ki, Apple Vision Pro rəsmi olaraq Böyük Britaniyada satın alına bilməz - eynəklər hazırda yalnız ABŞ-da satılır.
Əməliyyatı həyata keçirən həkimlər yeni cihazın faydalarını yüksək qiymətləndiriblər. Xəstəni birbaşa əməliyyat edən cərrah Səid Aftabın sözlərinə görə, Vision Pro eynəkləri tibb bacısının köməkçi kimi imkanlarını xeyli genişləndirib.
Fevralın sonunda oftalmoloq Arvinda Saini bildirmişdi ki, Apple-ın əlavə reallıq qarniturları çoxlarının düşündüyü kimi sağlamlıq üçün təhlükəli deyil. Mütəxəssisin fikrincə, eynəklər gözün yorulmasına səbəb ola bilər, lakin görmə qabiliyyətini zədələmə ehtimalı azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.