CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 20 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun
Sputnik
BAKI, 20 mart — Sputnik. Martın 20-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 20-də kimlər dünyaya gəlib?
Hüseynqulu Sarabski (1879-1945) - Azərbaycan SSR xalq artisti, opera müğənnisi, bəstəkar, aktyor və rejissordur. O, "Leyli və Məcnun" operasında Məcnun rolunun ilk ifaçısı olaraq bu rolda təxminən 400 dəfə çıxış edib.
Hüseynqulu Sarabski
Cəfər Cabbarlı (1899-1934) - Azərbaycan SSR əməkdar incəsənət xadimi, dramaturq və şairdir. Onun ən məşhur əsərləri "Aydın", "Oqtay Eloğlu", "Qız qalası", "Od gəlini"dir.
Cəfər Cabbarlı
Aleksandr Qorodnitski (1933) - Sovet və Rusiya alimi, şairi, RF əməkdar elm xadimidir. O, Rusiyada müəllif mahnısı janrının banilərindən biridir.
Aleksandr Qorodnitski
Holli Hanter (1958) - ABŞ teatr və kino aktrisasıdır. O, "Oskar" mükafatının qalibidir. Aktrisa "Ceki", "Gölün zirvəsi", "Betmen Supermenə qarşı: Ədalət şəfəqi" və s. filmlərdə rol alıb.
Holli Hanter
Çester Benninqton (1976-2017) - ABŞ rok musiqiçisi və bəstəkarıdır. O, "Linkin Park", "Grey Daze", "Dead by Sunrise" və "Stone Temple Pilots" qruplarının vokalisti olub.
Chester Bennington
Ksavye Dolan (1989) - kanadalı aktyor və kinorejissordur. O, Kann kinofestivalında "Qran Pri" mükafatı laureatıdır. Aktyor "Anamı öldürdüm", "Xəyali sevgi", "Yaxşı qonşular", "Tom fermada" və s. filmlərdə rol alıb.
Xavier Dolan
Martın 20-də dünyada baş verən tarixi hadisələr
1792-ci ildə Fransa Milli Assambleyası gilyotinin (ölüm cəzasına məhkum olanların başını kəsmək üçün maşın) istifadəsinə icazə verib. Bir il sonra XVI Lüdovik gilyotinlə edam edilib. Uzun müddət edamlar yalnız ictimaiyyət qarşısında həyata keçirilib. Hökmdə fransız xalqının adına məhkumun ictimai yerdə başının kəsiləcəyi bildirilib.
1854-cü ildə ABŞ-da Respublikaçılar Partiyası yaradılıb.
1921-ci ildə ABŞ-ın Kanzas-Siti şəhərində Volt Disney tərəfindən qurulan "Newman Laughogram" animasiya studiyasından ilk cizgi filmi nümayiş olunub.
1956-cı ildə Tunis Fransadan ayrılaraq öz müstəqilliyini elan edib.
2012-ci ildən BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Beynəlxalq Xoşbəxtlik Günü qeyd edilir.
Hər il martın 20 və 21-də Azərbaycanda yazın gəlişi və təbiətin yenilənməsi ilə Novruz bayramı qeyd olunur. 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.