TƏHLİL

Stoltenberq Cənubi Qafqaza nə gətirib, nə apardı?

NATO Baş katibinin xüsusi nümyəndəsi Stoltenberqin Cənubi Qafqaza səfərini tarixi səfər adlandırıb və gündəlikdə duran əsas müzakirə mövzularını açıqlayıb.
Sputnik
BAKI, 20 mart — Sputnik. NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfəri Azərbaycandan başladı.
NATO Baş katibi Azərbaycan rəsmilərinin qəbulunda oldu. Əvvəlcə Prezident İlham Əliyevlə görüşən Stoltenberq daha sonra xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla görüşdü. NATO rəsmisi bütün görüşlərdə Bakı ilə əməkdaşlıqdan məmnun olduqlarını, o cümlədən regionda sülhə töhfə vermək niyyətini dilə gətirdi.
Təbii ki, rəsmi açıqlamaların bu istiqamətdə olması gözlənilən idi. Maraqlı olan Stoltenberqin səfər dövrüdür. Rusiyada prezident seçkilərinin son günündə başlayan bu səfərin məqsədi ekspert çevrələrində müxtəlif cür şərh edilir.
NATO Baş katibinin xüsusi nümyəndəsi Stoltenberqin Cənubi Qafqaza səfərini tarixi səfər adlandırıb və gündəlikdə duran əsas müzakirə mövzularını açıqlayıb. O bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesi, ikitərəfli əməkdaşlıq gündəliyin başlıca mövzularındandır.
Azərbaycan-Ermənistan sülh prosesinin qlobal güclərin maraq dairəsində olması heç kimə sirr deyil. Bu marağı yaradan is regionun strateji əhəmiyyəti ilə bağlıdır. Əhəmiyyəətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Cənubi Qafqazda söz sahibi olmaq bütün qloabl güclərin məqsədlərinə daxildir.
Burada diqqət edilməli əsas məqam ikitərəfli münasibətlərlə bağlıdır. NATO Şərqə doğru genişlənmək niyyətini gizlətmir. Güman etmək olar ki, Rusiya ilə hazırki konfranstasiya şəraitində Cənubi Qafqaz ölkələrindən tərəfini bəlli etməyi istəyirlər. Azərbaycan balanslı siyasət xəttinə uyğun olaraq geopolitik güclərin plasdarmına çevrilməmək üçün və region ölkələrinin maraqlarını nəzərə alaraq bütün tərəflərlə açıq əməkdaşlığını davam etdirir. Rəsmi Bakı ilə əməkdaşlığın əhəmiyyətini yaxşı anlayan Stoltenberq ikitərəfəli əlaqələrin daha da sıxlaşdırılmasının vacibliyini vurğuladı.
Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolla bağlı Stoltenberqin mətbuata açıqlaması məhz bundan xəbər verirdi. NATO Baş katibi Azərbaycanın NATO ölkələri ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu da ifadə etdi. Burada əsasən Türkiyənin nəzərdə tutulması hər kəsə bəllidir. Azərbaycanın NATO-nun aparıcı ölkələrindən olan Türkiyə ilə münasibətləri isə bu hərbi ittifaqın maraqları ilə deyil, iki qardaş ölkənin bir-birinə olan münasibəti ilə əlaqələndirmək daha doğru olar.
Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub. Alyansın rəhbərlik etdiyi əməliyyatlara və missiyalara töhfələr verib. Stoltenberq buna görə də Azərbaycana təşəkkür edib. Hazırda NATO və Azərbaycan Sülh və Təhlükəsizlik Naminə Elm proqramı çərçivəsində terrorizmlə mübarizə və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq edir.
Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı Stoltenberqin açıqlamaları əslində ABŞ və Avropa İttifaqının gözləntilərinin ümumi ifadəsi idi. Son dövrlər Azərbaycan və Qərb dairləri arasında yaşanan siyasi çalxantılarda Qərb Cənubi Qafqazda Azərbaycan kimi strateji tərəfdaşını itirməklə üz-üzə qalıb. Müxtəlif təşəbbüslərlə Azərbaycan-Ermənistan danışıqlarına şərait yaradılmasına baxmayaraq yekunda atılan hansısa bir addımla kövrək münasibətlər yeni bir zərbə alır. Rəsmi Bakı dəfələrlə beynəlxalq hüquqa istinad edərək milli maraqlarına hörmət edilməsini tələb edib. Amma Ukrayna cəbhəsində və Afrikada böhranla üzləşmiş Qərb ölkələri Rusiyanın mövcud olduğu digər regionlara kobud şəkildə nüfuz etməklə güclənməyə çalışırlar.
Stoltenberqin Azərbaycandan sonrakı dayanacağı Gürcüstan oldu. Stoltenberq Gürcüstanı NATO-nun Cənubi Qafqazda ən yaxın tərəfdaşlarından biri adlandırdı.
NATO baş katibinin səfəri zamanı Gürcüstanla tərəfdaşlığın daha da gücləndirmək yolları müzakirə edildi. Qeyd olundu ki, NATO Gürcüstanla böhranın idarə edilməsi, kibertəhlükəsizlik, hərbi mühəndislik və təhlükəsiz kommunikasiya kimi sahələrdə əməkdaşlığı gücləndirir. Stoltenberq NATO-nun Gürcüstanın daha güclü demokratiyaya və tam Avro-Atlantik inteqrasiyaya doğru gedən yolunu dəstəkləmək öhdəliyini, o cümlədən 2008-ci ilin aprelində Buxarestdə Gürcüstanın NATO-ya üzv olması ilə bağlı qərarını xaatırladıb. Məhz NATO-nun verdiyi cəsarətin nəticəsi olaraq 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında qısa müddətli müharibə yaşandı. Müxtəlif təminatlarla Gürcüstanda sarsılmış mövqelərini bərpa etməyə çalışan NATO-nun işi çətin olacaq. Gürcüstan hakimiyyətinin proseslərə yanaşması NATO ilə münasibətləri sıxlaşdıran əvvəlki iqtidardan yetərincə fərqlidir. Qazanılmış təcrübə Gürcüstan hakimiyyətini soyuqbaşla addımlar atmağa sövq edir.
Stoltenberqin Cənubi Qafqazda yekun dayanacağı Ermənistandır. Ermənistan isə hazırda yolayrıcındadır. Stoltenberqin Qərbə üzünü tutmuş Ermənistan hakimiyyətinə nələr vəd edəcəyi yəqin ki, yaxın günlərdə özünü daha yaxşı büruzə verəcək. Səfəri öncəsi Azərbaycanla müharibədən yayınmaqdan danışan Ermənistan baş nazirinin bu ritorikasının nə qədər davam edəcəyi isə məlum deyil.
İrəvanda Paşinyanla Stoltenberq arasında keçirilən görüşlə bağlı mətbuata verilən açıqlamada Azərbaycan-Ermənistan sülh danışıqlarının əsas müzakirə mövzusu olduğu qeyd edilir. Amma unutmaq olmaz ki, bu gün Cənubi Qafqazda Qərbin möhkəmlənə bilməsi üçün ən münbit şəraitin olduğu ölkə məhz Ermənistandır. Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərindəki gərginlik, Ermənistanın KTMT ilə münasibətlərini dondurması fonunda NATO üçün bu ölkədə əlverişli mühit yaranmış olur. NATO-nun Ermənistana vədlərinin bu ölkəyə nə gətirəcəyini isə zaman məsələsidir.