Rusiyada prezident seçkiləri

Kreml seçkilərin nəticələrinə görə “heç kəsə hesabat vermək niyyətində deyil” - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın “Newsweek” jurnalına müsahibə verib.
Sputnik
BAKI, 20 mart - Sputnik. Rusiya Federasiyasında keçirilən prezident seçkilərində müxtəlif ölkələrdən olan müşahidəçilər səsvermə zamanı heç bir qanun pozuntusu aşkar etməyiblər, ona görə də Kreml onun nəticələri ilə bağlı heç kimə hesabat vermək niyyətində deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın “Newsweek” jurnalına açıqlamasında bildirib.

“Digər ölkələrdən müvafiq sorğu ilə müraciət edən bütün müşahidəçilər səsverməyə gəldilər, prosesi öz gözləri ilə izləyə bildilər və bütün lazımi məlumatları aldılar. Biz heç kimə dəlil gətirmək fikrində deyilik” - Peskov qeyd edib.

Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. İlk dəfə olaraq, onlar üç gün ərzində keçirilib və ölkə regionlarının təxminən üçdə birində mövcud olan məsafədən elektron səsvermədən istifadə edilib.
MSK-nın məlumatına görə, protokolların 100%-i işləndikdən sonra hazırkı dövlət başçısı Vladimir Putin 87,28% səslə qalib gəlib. Kommunist Partiyasının namizədi Nikolay Xaritonov 4,31%, "Yeni İnsanlar"dan Vladislav Davankov - 3,85%, Leonid Slutski (LDPR) - 3,2% səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.