BAKI, 20 mart - Sputnik. Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.
Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Yaz fəsli Azərbaycana martın 20-də saat 07:06-da daxil olacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Novruz Bayramında Azərbaycanda 7 gün iş olmayacaq. Nazirlər Kabinetinin "2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.
Beləliklə, bu il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.