TƏHLİL

Millət vəkili Putinin seçkilərdə qələbəsini şərtləndirən amilləri açıqladı

Millət vəkili deyir ki, Vladimir Putinin hakimiyyəti dövründə Rusiyanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb, hərbi sənaye sahəsi inkişaf edib.
Sputnik
BAKI, 19 mart — Sputnik. Rusiyada 3 gün davam edən prezident seçkiləri nəhayət ki başa çatıb. Artıq dünyanın müxtəlif yerlərindən Rusiya Prezidentinə seçkilərdə qələbə qazanması münasibətilə təbriklər gəlir. Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya liderini seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Seçkilərlə bağlı Sputnik Azərbaycan-a danışan millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Putinin seçkilərdə inamlı qələbə qazanmasını şərtləndirən bir sıra amillər var: "Rusiyaya münasibətdə həddindən artıq geniş miqyaslı sanksiyaların tətbiq olunmasına baxmayaraq bu ölkənin iqtisadiyyatı çökmədi, əksinə daha da inkişaf etdi. Əksər ölkələrin şirkətlərinin Rusiyanı tərk etməsi Rusiya iqtisadiyyatında ciddi izlər buraxmadı, tez bir zamanda bu ölkənin iqtisadi sistemi yeni iqtisadi reallıqlara reaksiya nümayiş etdirdi və iqtisadi inkişaf tempi yüksəlməyə başladı. Vladimir Putinin rəhbərliyi dövründə Rusiya daxili istehsalını əhəmiyyətli dərəcədə artırmağı bacardı, təchizat bazarlarının xarici istehsalçılardan asılılığının əhəmiyyətli dərəcədə azaldılmasına müvəffəq olundu. Bu da kənar təsirlərin miqyasını azaltmış oldu".
Millət vəkili, Elşad Mirbəşiroğlu
Millət vəkili deyir ki, Vladimir Putinin hakimiyyəti dövründə Rusiyanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb, hərbi sənaye sahəsi inkişaf edib: "Bütün bunlar Putin hakimiyyətinin Rusiya xalqı tərəfindən dəstəklənməsini şərtləndirən başlıca amillər sırasındadır. Ayrıca nəzərə almaq lazımdır ki, Rusiya vətəndaşları və dünyanın digər ölkələrində yaşayan əksər rusiyalılar Rusiyadan kənarda açıq ögey münasibətlə qarşılaşırlar. Bir çox hallarda rus dilinə və mədəniyyətinə qarşı hücumlar müşahidə olunur. Bütün bunlar seçicilərin hazırkı prezidentin ətrafında sıx birləşməsini şərtləndirən amillər rolunda çıxış edir. Nəzərə almaq lazımdır ki, bu seçkilər seçici aktivliyi şəraitində keçirildi".

Elşad Mirbəşiroğlu Vladimir Putinin prezidentliyi dövründə Azərbaycanla münasibətlərə toxunub: "Məhz Vladimir Putinin hakimiyyəti dönəmində Azərbaycan-Rusiya münasibətləri öz inkişafının ən yüksək nöqtəsinə çatdı. 2022-ci ilin fevralın 22-də Azərbycan və Rusiya liderləri Mütəffiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzaladılar. Bu tərəflər arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirmiş oldu. Azərbaycan və Rusiya liderləri arasında səmimi dostluq münasibətlərinin, qarşılıq anlayışın olması ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edən başlıca amillərdəndir".

Millət vəkili qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ilbəil yüksəlir:
"Bu gün Rusiyanın 75-dən artıq regionu Azərbaycanla ayrıca olaraq əməkdaşlıq etməkdədir. Rusiya ilə Azərbaycan arasında hər il regional forum təşkil olunur ki, bu zaman hər iki ölkənin iqtisadi subyektləri arasında fikir mübadiləsi aparılır, iqtisadi əməkdaşlığın inkişaf vəziyyəti və perspektivləri, yeni imkanların tapılması müzakirə olunur. Bunlar da Azərbaycan-Rusiya münasibətlərinin inkişafında öz müsbət təsirini göstərir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan 2020-ci ildə öz tarixi torpaqlarını Ermənistanın işğalından azad edən zaman Ermənistan baş naziri Nikol Paşinyan israrla Rusiyadan əməliyyatlara qoşulub kömək etməsini istəyirdi. Lakin buna cavab olaraq Rusiya prezidenti bildirdi ki, əməliyyatlar Ermənistan ərazisində getmədiyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və müvafiq olaraq Rusiya proseslərə qarışa bilməz. Bununla Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nümayiş etdirdi.

Təəssüflə qeyd etmək lazımdır ki, Qərb ölkələri Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edən zaman ölkəmizə qarşı siyasi hücumlar təşkil edirdilər, qərəzli siyasi mövqelərin formalaşdırılmasına çalışırdılar, hətta BMT TŞ-də Azərbaycanın əleyhinə dəfələrlə müzakirələr təşkil edirdilər".
"Rusiyanın təşəbbüsü ilə İkinci Qarabağ müharibəsindən sonra üç sənəd imzalandı. O sənədlərdə regionda iqtisadi layihələrin həyata keçirilməsi, kommunikasiyaların açılması kimi mühüm məsələlər öz ifadəsini tapıb. Bu baxımdan hesab edirəm ki, Vladimir Putinin Rusiyaya növbəti rəhbərliyi dövründə də ölkələrimiz arasında münasibətlər hər zaman olduğu kimi inkişaf edəcək və tərəflər bir-birilərinə qarşılıqlı hörmət şəraitində əməkdaşlıqlarını genişləndirəcəklər. Münasibətlərimizin xarakteri bütövlükdə Cənubi Qafqaz regionundakı vəziyyətə təsir edən çox təsirli amildir. Bu gün Azərbaycan-Rusiya münasibətləri cənab İlham Əliyevin və Vladimir Putinin sayəsində öz inkişafının ən yüksək səviyyəsinə çatıb, bu da bütövlükdə bölgəmiz üçün çox əhəmiyyətlidir" – E.Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.