CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramda səfərə hazırlaşan sürücülərin nəzərinə

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Sputnik
BAKI, 19 mart — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib.
İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə deyilir:
"Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.
Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməlidirlər.
Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan arxasına əyləşərək sərnişin daşıma fəaliyyəti göstərən sürücü potensial təhlükə mənbəyidir.
Dəyərli sürücülər! Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun. Unutmayın, yol hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərini xoş əhval-ruhiyyədə keçirməsinə şərait yaratmış olacaqsınız".