BAKI, 18 mart - Sputnik. Müasir dünyada ticarət yollarına nəzarət iqtisadi səmərəliliklə yanaşı geosiyasi üstünlük də əldə etməyə imkan yaradır. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya ilə Avropanı əlaqələndirir və Süveyş kanalına alternativ kimi çıxış edir. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin ABŞ KIV-lərinə istinadən yaydığı məlumatda bildirilir.
“The New-York Times” qəzetində dərc olunmuş “Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir” sərlövhəli məqaləyə əsasən də yer alıb. Materialda nəzərə çatdırılıb ki, ŞCBND Fars körfəzinin sahillərindəki İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və başqa idxala ehtiyacı olan dövlətlərə çıxış əldə etməyə imkan verir. Dəhlizin əsas seqmentini təşkil edən dəmir yolu Azərbaycan və İran ərazisindən keçərək Fars körfəzinin sahillərinə kimi uzanır.
Materialda qeyd olunub ki, 162 kilometrlik Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması nəticəsində Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemləri birləşəcək.
Materialda o da diqqətə çatdırılıb ki, yüklər Asiyadan Avropaya və əks istiqamətə Süveyş kanalı vasitəsilə nəql olunanda 45 gün lazım olur. Lakin ŞCBND ilə yüklər hər iki istiqamətə 25 gün ərzində çatdırılır ki, bu da zaman və nəqliyyat xərcinin azalması deməkdir.
Məqalədə vurğulanıb ki, Azərbaycan nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti ilə SSRİ dövründən qalan dəmir yollarını da bərpa etmək istəyir:
“Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir yolu Ermənistan ərazisindən keçirdi. Lakin 1990-cı illərin əvvəllərində bu iki dövlət arasında baş verən hərbi münaqişə həmin dəmir yolunun bağlanması ilə nəticələndi. Bu dəmir yolu Azərbaycan ilə yanaşı Rusiyaya da İran və Türkiyə ilə nəqliyyat əlaqəsi qurmağa imkanı verir. Azərbaycan dəmir yolunun açılışına can atsa da, Ermənistan bunun əleyhinə çıxış edir. Buna görə də Azərbaycan Naxçıvan ilə nəqliyyat əlaqəsini İran üzərindən həyata keçirməyə çalışır”.