BAKI, 18 mart — Sputnik. Azərbaycanda Novruz bayramının qeyd ediləcəyi 20-21 martda "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli tərtib olunacaq.
Qeyd edilən iki gün ərzində saat 07:00-dan 21:00-dək "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Martın 22-dən 26-dək həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq. "Bakmil" istiqamətində hərəkət edən sərnişinlər martın 20-21-də şənbə gününün, martın 22-26-da isə bazar gününün hərəkət cədvəllərindən istifadə edə bilər.
Bununla yanaşı, qeyri-iş günlərində ehtiyat qatarlar, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
15.03.24, 23:25
AYNA: Avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 18-dən 26-na kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Qeyd edək ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların satış kassalarından əldə edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.