Rusiyada prezident seçkiləri

Rusiyada seçkilər Cənubi Qafqaz, region və dünya üçün niyə əhəmiyyətlidir?

Politoloq deyir ki, Azərbaycan 2022-ci ildə Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq müstəvisindən strateji müttəfiqlik müstəvisi üzərinə keçirib.
Sputnik
BAKI, 17 mart - Sputnik. Rusiyada Prezident seçkilərinin son günüdür. Bütün dünya Rusiyadakı seçkiləri diqqətlə izləyir. Seçkilərlə bağlı politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Politoloq bildirib ki, Rusiyada budəfəki prezident seşkiləri Qərbin dünya nizamının dəyişdirilməsi uğrunda apardığı və getdikcə dərinləşən qlobal səciyyə və mahiyyət kəsb edən mübarizəsinin fonunda keçirilir:

“Birqütblü dünya nizamının dünyaya sırınması,onun idarə olunan xaos nəzəriyyəsinə əsasən idarə olunması və yönləndirilməsi bu mübarizənin əsasını təşkil edir. Rusiya Qlobal Cənubla birlikdə Qərbin bu niyyətinə qarşı çıxan, ona qarşı aparılan müharibənin maliyyə yükünü, hərbi aspektini öz üzərində daşıyan,onun geosiyasi parametrlərini müəyyənləşdirən əsas tərəflərdən biri, daha doğrusu birincisidir”.

Politoloq Elşən Manafov
Elşən Manafovun fikrincə, Qərbin Rusiyani çökdürmək, onun nəhəng ərazisinə yiyələnmək, ölçüyə gəlməz təbii sərvətlərini ələ keçirmək uğrunda başladığı müharibə, ona qarşı tətbiq edilən sanksiyalar Qərbdəki bəlli institutların gözləntilərindən fərqli nəticələr doğurub:
“Rusiya iqtidarı, onun dövlət institutları və siyasi sistemi cəmiyyəti konsolidasiya edərək qısa zamanda dövlətin iqtisadiyyatnı müharibənin tələb etdiyi iqtisadi və hərbi relslər üzərinə keçirə bildilər. Rusiya nəhəng maliyyə və hərbi resursların cəlb olunduğu bu mübarizəyə duruş gətirdi. Bəlli oldu ki, dünyanin təhlükəsizlik sisteminin yeni quruluşunu Rusiyanın iştirakı və razılığı olmadan yenidən qurmaq və ya təftiş etmək, onu qızıl milyard fəlsəfəsi ilə yaşayanların maraqları üzərində kökləmək mümkün deyil. Bu mənada bu gün Rusiyada keçirilən prezident seçkilərinin nəticələrindən təkcə Rusiyanın iqtisadi, sosial tərəqqisi, onun suveren dövlət kimi gələcək müqəddəratı deyil, eyni zamanda dünyanın qlobal baxımdan yeni nizamı ilə bağlı Qərbdəki bəlli dairələrin geosiyasi baxış və mövqelərini bölüşməyən dünyanin qalan hissəsinin də müqəddəratı əhəmiyyətli şəkildə asılıdır”.
Politoloq deyir ki, Azərbaycan 2022-ci ildə Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq müstəvisindən strateji müttəfiqlik müstəvisi üzərinə keçirib:

“Dövlətlərimiz arasında iqtisadi, ticari münasibətlər qarşılıqlı, faydalı əməkdaşlıq zəmini üzərində genişlənir, inkişaf edir. Məhz Rusiyanın moderatorluğu ilə 44 gün davam edən ikinci Qarabağ müharibəsində hərbi əməliyyatlar dayandırılmış, atəşkəs əldə edilmiş, rəsmi İrəvan faktiki olaraq 2020-ci ilin noyabrında kapitulyasiya müqaviləsinə imza atmışdır. Azərbaycanın bu savaşda qələbəsi, tərəflərin razılığa ilə ölkə ərazisinə Rusiya sülhməramli qüvvələrinin yerləşdirilməsi bölgədə geosiyasi konfiqurasiyani əhəmiyyətli şəkildə dəyişdirmişdir ki, bu da Qərbi, habelə onun Ermənistandakı satellit rejimini qane etmir və hazırda Qərbin Ermənistan vasitəsilə bölgədə apardığı oyunlar, danışıqlar, Ermənistanin silahlandırılması məhz Cənubi Qafqazda geosiyasi konfiqurasiyanin dəyişdirilməsinə yönəlib”.

“Rusiya Cənubi Qafqazda təhlükəsizkik problemlərinin həllinə dair Azərbaycan prezidenti İ.Əliyevin 3+3 formatında əməkdaşliq modelini bəyənir və müdafiə edir. Eyni zamanda rəsmi Bakı kimi Ermənistandan 2021-ci ilin Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsini, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasını tələb edir. Ermənistanla sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının təkliflərini bəyənir, tərəflər arasında danışıqlarda bundan sonra da vasitəçi dövlət olaraq çıxış etməyə hazır olduğunu bildirir” - politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.