BAKI, 17 mart — Sputnik. Rusiyalı qrossmeyster, Moskva vilayəti şahmat Federasiyasının Prezidenti Sergey Karyakin hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan kosmonavt Oleq Kononenko ilə şahmat oyunu oynayıb. Bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
Karyakin Uçuşların İdarəetmə Mərkəzində (UİM) keçirilən "kosmik turnirin" təşəbbüskarlarından biridir. Turnirdə kosmonavtlar, məktəblilər, tələbələr, xüsusi hərbi əməliyyatın veteranları, sahibkarlar, müəssisə əməkdaşları, ictimai təşkilatların nümayəndələri, "Aktiv uzunömürlülük" klubunun üzvləri və digər şahmatçılar iştirak ediblər. BKS-də astronavtla blits oyunundan əvvəl Sergey Karyakin 24 lövhədə eyni vaxtda oyun seansı keçirib və bütün görüşləri öz xeyrinə başa vurub.
Kosmonavt Sergey Krikalyovun dediyi kimi, şahmat turniri onun hazırda Yerdən kənarda olan həmkarları üçün böyük hadisə olub:
"Bu, kosmonavtlar üçün böyük hadisədir. Uçuşların İdarəetmə Mərkəzi ilə daim əladə olduqlarına baxmayaraq, onlar təcrid olunmuş mühitdədirlər və məhdud təmas dairəsinə malikdirlər. Ümid edirəm ki, belə bir oyun yaddaşlarda parlaq bir xatirə kimi qalacaq və ekipaj üçün müəyyən dərəcədə psixoloji rahatlığa çevriləcək".
İlk gediş hüququ orbitdəki heyətə verilib.
"Dünya çempionu ilə oynamaq şərəfdir. Amma biz kosmonavtlar şahmat oynamağı da yaxşı bilirik. Bugünkü turnirin bütün iştirakçılarına bu idman növündə inkişaf etməyi arzulayıram. Əminəm ki, sizdən kimsə gələcəkdə həm də qrossmeyster və ya dünya çempionu ola bilər" - Oleq Kononenko BKS-də təəssüratlarını bölüşüb.
Oyunun dostluq şəraitində keçdiyi və heç-heçə bitdiyi qeyd edilib.
Daha əvvəl bildirilmişdi ki, BKS-də olan kosmonavtlar Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Qadınlar Günündə rusiyalı qadınlara müraciət ediblər.
Maraqlıdır ki, ötən əsrin 70 -ci illərində Anatoli Karpov da kosmonavtlara qarşı oyun keçirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.