BAKI, 16 mart - Sputnik. Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.
Zaqatala rayon prokurorluğu da martın 16-da, saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.
İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkar etdiyi partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.