PAYTAXT XƏBƏRLƏRİ

XI Qlobal Bakı Forumu başa çatıb

Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Sputnik
BAKI, 16 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu başa çatıb.
Prezident İlham Əliyev martın 14-də Forumun açılış mərasimində iştirak edib.
Üç gün davam edən tədbir çərçivəsində qlobal çağırışlar, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib.
Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.
14.03.24
Bu dəqiqələrdə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.
Dövlət başçısı tədbirdə iştirak edir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə "Parçalanmış dünyanın bərpası" ("Fixing The Fractured World") mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.