BAKI, 16 mart — Sputnik. Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib və iş üzrə şahidlər dindirilib.
Şahid Elməddin Əliyev bildirib ki, axşam saat 10-a qalmış atəş səsi eşidib:
"Mən o ərazidə yaşayıram. Atəşin səsinə çıxdım. 21:35 olardı. Dalbadal 2-3 atəş səsi eşitdim. Aşağı düşəndə yanımdan təxminən 30 yaşında olan, başında dimdikli kepka olan birinin keçdiyini gördüm".
Digər şahid Samir Eyyubov hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olduğunu deyib:
"Hava qaranlıq olduğundan, eyni zamanda şəxsin üzündə maska olduğundan simasını görə bilmədim. O arxa oturacaqda əyləşmişdi. Onun əlində sumka və onun da içində dikinə bir əşya olduğunu gördüm".
Şahid Saleh Ağayev də hal şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, polislər onu evə baxış zamanı hal şahidi qismində dəvət ediblər:
"Təndirdə işləyirəm. Polislər məni işdən çağırıb dəvət etdilər. Evdə ancaq dini kitablar görmüşəm. Evdə iki xanım idi. Stolun da üstündə gözümün qabağında sayılmış 15 min manatı gördüm".
Şahid İslam Zeynalov isə ehtiyatda olan zabit olduğunu deyib:
"Mən həmin ərazinin həndəvərində yaşayıram. 6-8 güllə atıldı. Güllələr tək-tək atılıb. "7.62 mm"in (kalaşnikov avtomatının kalibri - red) səsi idi".
Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.
12.01.24
Milli Məclisin deuputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zərərçəkmiş şəxsin prosesə gətirilməsi ilə bağlı vəsatətlər qaldırıblar.
Hər iki vəsatət təmin olunmayıb.
Daha sonra prokuror Orxan Kəngərli prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verildiyini açıqlayıb.
Məhkəmənin ilk baxış iclası yanvarın 22-nə təyin edilib.
Qeyd edək ki, bu il martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov Elşad Əsgərov, Səbuhi Şirinov saxlanılıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
21.07.23
Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.
Bu gün Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlar barəsində həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb (APA).
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.