BAKI, 15 mart — Sputnik. Rusiya Federasiyasında prezident seçkiləri ilə bağlı seçki məntəqələrində işlər plana uyğun və mütəşəkkil şəkildə davam edir, heç bir problem müşahidə olunmur. Bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi, müşahidəçilər missiyasının rəhbəri Çjan Min deyib.
"İş plan üzrə, mütəşəkkil şəkildə gedir" - o, Rusiya Federasiyasının prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin seçki qərargahının həmsədri ilə görüşdə deyib.
Minin sözlərinə görə, onun qrupu artıq üç seçki məntəqəsində olub, müşahidəçilər seçicilərlə və komissiya üzvləri ilə söhbət ediblər.
"Mənim işim çatışmazlıqları görməkdir, amma düzünü desəm, hələ heç bir sual və ya problem görməmişəm" - missiya rəhbəri deyib.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.