BAKI, 15 mart — Sputnik. Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları martın 16-sı saat 01.00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək. Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.
Vurğulanıb ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu, dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədi daşıyır.
Sınaq yayım 34-cü (578 MHs tezlikdə) və 37-ci (602 MHs tezlikdə) televiziya kanallarında HD formatında həyata keçiriləcək. Sınaq müddətində DVB-T2 standartını dəstəkləməyən qəbuledicilərə sahib olan əhali qrupunun yerüstü televiziya yayımını qəbul etmək imkanının saxlanılması üçün 48-ci (690 MHs) televiziya kanalında DVB-T standartında SD formatında televiziya yayımı davam etdiriləcək.
Buna qədər 15 may 2023-cü il tarixində saat 01:00-dan saat 02:00-dək yayımın texniki parametrlərinin yoxlanılması məqsədilə 1 saat müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir neçə televiziya proqramının DVB-T2 standartında sınaq yayımı uğurla başa çatıb. Onu da qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə 2004-cü ildə DVB-T standartlı rəqəmsal televiziya yayımı Azərbaycanda həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.