BAKI, 15 mart — Sputnik. Aİ-nin monitorinq missiyası Azərbaycanla sərhəddə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına töhfə verib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Xarici əlaqələr üzrə parlament komissiyasının iclasında 2023-cü ildə hökumət proqramının icrasını təqdim edən nazir qeyd edib ki, ilk dəfə olaraq Avropa İttifaqı bütövlükdə Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlərin həllində iştirak edir.
"Vurğulamaq lazımdır ki, missiyanın yerləşdirilməsindən sonra sərhəddə gərginlik xeyli azalıb. Əslində isə məlum olur ki, bu missiya sərhəddə sabitliyin mühüm amilinə çevrilib" - Mirzoyan hesab edir.
Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü il tarixindən 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ Ermənistanın Azərbaycanla sərhədində vəziyyətin monitorinqi üçün nəzərdə tutulmuş missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) qədər artırıldığını elan edib.
Xatırladaq ki, Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib. Qətnamənin lehinə 504, əleyhinə 4 səs verib. 32 nəfər bitərəf qalıb.
"Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər" - qətnamə layihəsində deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.