Qarabağın dirçəlişi və reinteqrasiyası

İlin sonunadək azad olunmuş 25 yaşayış məntəqəsinə 5171 ailə köçürüləcək

Baş nazir deyib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat ayrılıb.
Sputnik
BAKI, 15 mart - Sputnik. Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılmış və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur: “2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat ayrılıb, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat vəsait ayrılıb. 2024-cü ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur”.
O bildirib ki, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (təxminən 20 min nəfərin) köçürülməsi planlaşdırılır.
Azad edilmiş ərazilərdə infrastrukturla bağlı görülən işlər
Baş nazir deyib ki, işğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir. Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir. İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib, və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib.
Bildirilib ki, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.
Baş nazir deyib ki, ümumiyyətlə 1 mart 2024-cü il tarixinədək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib:
“2024-cü ildə isə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.