İQTİSADİYYAT

177 dərman qiymətinin yuxarı həddi təsdiq edilib

Etibarlı təchizatın təmin olunması məqsədilə 100 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.
Sputnik
BAKI, 15 mart — Sputnik. Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib. Şuradan bildiriblər ki, yeni dövlət qeydiyyatına alınan 177 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 100 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Qeyd edək ki, dərman vasitələrinin (yalnız ixrac üçün ölkədə istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini Tarif (Qiymət) Şurası tənzimləyir.
vitamin
Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçilər onun qiymətinin tənzimlənməsi üçün Şuraya müraciət edir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulunu və araşdırılmasını Katiblik həyata keçirir.
Dərman vasitələri dövlət reyestrinin Şuranın informasiya sistemi ilə inteqrasiyası ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçi onun qiymət tənzimlənməsi üçün müraciət etmədiyi halda, Şura istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparmaqla, bazis qiymət müəyyən edərək qiymət tənzimlənməsi həyata keçirir.
Bəzi dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəylərini alır.
Tarif (qiymət) Şurasının Katibliyi
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olaraq müəyyənləşdirilib.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.