BAKI, 14 mart — Sputnik. “Ölkəmizdə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ümumdünya İstehlakçı Hüquqları Gününə həsr olunmuş "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" Forumundakı çıxışında bildirib.
S. Məmmədov bildirib ki, ölkəmizdə Yaşıl İqtisadiyyatın formalaşdırılması və inkişafı istiqamətində bir sıra addımlar atılır və silsilə tədbirlər görülür: “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində qeyd olunan 5 prioritetdən biri də məhz Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi istiqamətində müəyyən olunub:
"Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir”.
Nazir müavini deyib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur”.
Onun sözlərinə görə, ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.
Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən "yaşıl" iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir:” Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası çərçivəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu yaradılıb və 2012-ci ildən fəaliyyətə başlayıb. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt standartlarına tam uyğun şəkildə qurulub. Tullantıların zərərsizləşdirilməsi və çeşidlənməsi:
Tullantıların zərərsizləşdirilməsi sahəsində əhəmiyyətli fəaliyyətlərdən ən vacibi çeşidləmədir. "Təmiz Şəhər" ASC-nin Bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən bu istiqamətdə uğurla fəaliyyət göstərir. Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan bu zavodda çeşidləmənin aparılması nəticəsində ayrılan materiallar tullantıların ümumi həcmini azaldır, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır. Bu isə ölkədə təkrar emal prosesinin inkişafına böyük təkan verir. Çeşidləmə zavodunun fəaliyyəti tullantıları düzgün idarə etməklə təbii ehtiyatlara və enerjiyə qənaət olunmasına xidmət edir”.