BAKI, 14 mart — Sputnik. Bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumunda "Parçalanmış Dünyanın Bərpası" mövzusunda keçirilən panel iclasında deyib.
"Cənubi Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik. Postsovet məkanında bir sıra münaqişələrin alovlanmasına şahidlik etmişik. Biz Qarabağı azad etməklə Cənubi Qafqazda stabilliyi bərqərar etmiş oluruq. Çalışırıq ki, bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəməyək" - H.Hacıyev əlavə edib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) islamofobiyanı təşviq edir.
"Biz çoxtərəfli böhran yaşayırıq. Beynəlxalq təşkilatların qarılarında duran öhdəlikləri icra etməməsi əsas problemlərdəndir. Məsələn, COVID-19-un vurduğu ziyanların qarşısı tam alınmamışdı. Azərbaycan isə koronavirus pandemiyası ilə mübarizədə öz töhfəsini verdi" - Prezidentin köməkçisi qeyd edib.
Hikmət Hacıyev AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinə də diqqət çəkib: "AŞPA islamofobiyanı təşviq edir. Azərbaycan isə stabil regionun qurulması üçün çalışır. Bu, BMT konsepsiyası əsasında qurulacaq".