BAKI, 14 mart — Sputnik. Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi texniki nasazlıq, ciddi nöqsan və sərnişin hərəkətinə mane ola biləcək texniki səbəblərlə bağlı deyil.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Bayramqabağı metroda belə hallar olur. Bu sərnişin axınının istiqamətləri ilə bağlı məsələdir. Yeni il, Novruz Bayramı və digər belə bayramlarda ənənəvi, işə gedən sərnişinlərlə yanaşı, bayram hazırlığı görən sərnişinlər də olur. Onlar metrodan az istifadə edən və yaxud ümumiyyətlə istifadə etməyən sərnişinlərdir. Hər bir stansiyada səmtin müəyyən edilməsi ilə bağlı çətinliklər olanda vaqonların qapılarının tutulub saxlanılması halları olur və bu, gecikmələrə səbəb olur" - deyə o qeyd edib.
"Ənənəvi iş rejimində belə hallar 1-2 stansiyada olanda adi hal kimi qarşılamaq olur. Amma bu, bir çox stansiyalarda olarsa, qatarların gecikməsinə səbəb olur. Düzdür, qatarın bir stansiyadan digər stansiyaya getdiyi müddətdə yubanmadakı saniyələri aradan qaldırmaq olur. Ancaq növbəti stansiyada qatarın stansiyaya daxil olması üçün təkcə əvvəlki qatar stansiyanı tərk etməli deyil, eyni zamanda qatarın hərəkətini tənzimləyən sistem buna icazə verməlidir. Bu səbəbdən də bir neçə istiqamətdə qatarın tuneldə gözləməsi halları müşahidə olunub" - deyə metro rəsmisi vurğulayıb.
"Ümumilikdə götürdükdə qatarlarda texniki nasazlıqlar və digər hallar yoxdur. Dediyim halların tənzimlənməsi məqsədi ilə "Bakı Metropoliteni" əvvəlcədən xüsusi tədbirlər görməyə çalışır və maksimum qüvvə sərf edir" - deyə B.Məmmədov fikrini tamamlayıb.