SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Avroparlamentin qətnaməsi Azərbaycana qarşı ikili standartlara bariz nümunədir

Nazirlik rəsmisi bildirib ki, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.
Sputnik
BAKI, 14 mart — Sputnik. Avropa Parlamentində “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı martın 13-də qəbul edilmiş qətnamə əsassız və qərəzli olmaqla yanaşı, ölkəyə qarşı növbəti ikili standartların bariz nümunəsidir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir: "Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir".
A.Hacızadə vurğulayıb ki, Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər: "Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir".
29.02.24
Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzrə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib.
O qeyd edib ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır:

"Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir. Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı anti-terror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir".

A.Hacızadə vurğulayıb ki, nə qədər ki Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.