"Vampirlərin balı", ABŞ və XHƏ zonasında seçkilər: Putin Kiselyova nələr dedi?
RF lideri bildirib ki, Rusiya ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etmir, Moskva amerikalıların səs verdiyi istənilən prezidentlə işləməyə hazırdır.
SputnikBAKI, 13 mart — Sputnik. "İqtisadiyyatın strukturunu dəyişdirmək üçün Rusiyanın görəcəyi çox iş var, ölkə alıcılıq qabiliyyəti pariteti baxımından yaxın illərdə lider ola bilər". Bunu Rusiya prezidenti Vladimir Putin Dmitri Kiselyova müsahibəsində deyib.
"Biz təkcə alıcılıq qabiliyyəti pariteti baxımından deyil, həm də adambaşına düşən (gəlir baxımından - red.) layiqli mövqeyə malik olmaq üçün hələ çox iş görməliyik. Strukturun özü dəyişməlidir ki, daha müasir, daha innovativ, daha səmərəli olsun. Biz bunun üzərində işləyəcəyik" - prezident bildirib.
Onun sözlərinə görə, hazırda əsas vəzifələrdən biri işçi qüvvəsi çatışmazlığı şəraitində əmək məhsuldarlığının artırılmasıdır. Dövlət başçısının sözlərinə görə, iqtisadiyyatın innovativ potensialını artırmaq lazımdır.
"Başqa bir məsələ də kadrların, mühəndislərin hazırlanmasıdır" - Putin deyib.
O, həmçinin Rusiya Federasiyasında mütərəqqi vergitutma sisteminə keçidin tərəfdarı olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, çoxuşaqlı ailələr üçün vergi yükünün azaldılması planlaşdırılır. Putinin sözlərinə görə, hətta sabit verginin qızğın tərəfdarları olanlar indi hesab edirlər ki, bütövlükdə Rusiyada selektiv vergitutma üçün vaxt yetişib.
Rusiya dövlət başçısı onu da qeyd edib ki, Xüsusi Hərbi Əməliyyat zonasındakı cəbhə xəttində irəliləyiş zamanı itkiləri minimuma endirmək üçün Rusiya Federasiyası silahlarının sayını və gücünü artırmalıdır, hazırda bu sahədə inkişaf yüksək sürətlə gedir.
Prezidentliyə namizəd vurğulayıb ki, Rusiya regionlarına hücuma cəhd edən Ukraynanın əsas məqsədi prezident seçkilərini pozmaq, RF-də vətəndaşların iradəsini ifadə etmək prosesinə müdaxilə etməkdir.
"Bütün gələcək danışıqlar prosesi "biz bunları sizə qaytaracağıq, siz də bunu bizə qaytaracaqsınız" demək üçün edilir. Kiyevin Rusiya Federasiyasının sərhədyanı rayonlarına hücum cəhdlərində əcnəbi muzdluların iştirakı barədə məlumatlar da var. Dövlət sərhədində düşmən ilk növbədə təxribat qrupları ilə təqribən 300-ə qədər xarici muzdluların iştirakı ilə hücuma cəhd edib" - Putin deyib.
Onun sözlərinə görə, təmas xəttində təşəbbüs tamamilə Rusiya Silahlı Qüvvələrinə keçib.
Moskva istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır
Putin bildirib ki, Rusiya ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etmir, Moskva amerikalıların səs verdiyi istənilən prezidentlə işləməyə hazırdır.
"Biz heç bir şəkildə heç bir seçkiyə müdaxilə etmirik. Mən dəfələrlə demişəm ki, biz ABŞ xalqının etimad göstərdiyi istənilən liderlə işləyəcəyik" - Rusiya lideri qeyd edib.
Putin əlavə edib ki, ABŞ-da seçkiqabağı vəziyyət getdikcə qeyri-sivil vəziyyət alır.
"Düşünürəm ki, bu, hamıya aydındır, ABŞ siyasi sistemi sözün hər mənasında demokratik olduğunu iddia edə bilməz" - dövlət başçısı əlavə edib.
Rusiyaya zəmanət lazımdır
Putin Qərblə "dürüst müqavilə"nin mümkünlüyü barədə suala cavab olaraq, heç kimə güvənmədiyini, lakin Rusiya Federasiyasının zəmanətə ehtiyacı olduğunu bildirib.
"Bunu demək istəməzdim, amma heç kimə güvənmirəm. Amma bizə təminat lazımdır. Zəmanətlər də açıqlanmalıdır, onlar bizə uyğun olan, inanacağımız zəmanətlər olmalıdır" - o vurğulayıb.
RF lideri hal-hazırda bunun nələrdən ibarət ola biləcəyi barədə ictimaiyyətə danışmağın erkən olduğunu bildirib:
"Ancaq biz heç bir boş vədlərə dözüm göstərməyəcəyik".
Prezident xüsusi olaraq qeyd edib ki, hakimiyyət Rusiyanın maraqlarına uyğun gəlməyən heç bir iş görməyəcək.
Nüvə müharibəsi və silahlar
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, hərbi-texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır.
"Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Onlar bizim sərəncamımızda daim var, daim döyüş hazırlığı vəziyyətindədirlər" - Rusiya lideri vurğulayıb.
Putin onu da xatırladıb ki, ABŞ öz qoşunlarını Ukraynaya göndərmək fikrində olmadığını bildirib. Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, ABŞ-da başa düşürlər ki, Rusiya ABŞ qoşunlarının yerləşdirilməsi kimi belə bir addımı Rusiya ərazisinə müdaxilə, ilhaq kimi qiymətləndirəcək.
"Mən demişdim ki, ABŞ Prezidenti Co Bayden ənənəvi siyasi məktəbin nümayəndəsidir və bu, təsdiqini tapır. Orada Bayden və başqalarından savayı, Rusiya-ABŞ münasibətləri, eləcə də digər münasibətlər sahəsində kifayət qədər mütəxəssis var. Ona görə də mən düşünmürəm ki, hər şey bu dərəcədə sürətlə üstümüzə şığıyır, amma biz buna hazırıq".
"Qarınlarını insan əti ilə doldurmağa öyrəşmiş Qərb elitaları beynəlxalq münasibətlərdəki ədalətsiz vəziyyəti dondurmağa çalışırlar. Lakin bu, əbədi davam edə bilməz" - Putin qeyd edib.
"Qərb elitasında beynəlxalq münasibətlərdə mövcud ədalətsiz vəziyyəti dondurmaq üçün çox güclü istək var. Onlar əsrlər boyu qarınlarını insan əti, ciblərini isə pulla doldurmağa adət ediblər. Amma onlar başa düşməlidirlər ki, "vampirlərin balı" başa çatır" - dövlət başçısı vurğulayıb.
Putin deyib ki, dünyada bir çox insan Rusiyanın öz maraqları uğrunda mübarizəsini izləyir və bunu öz suverenliyi və müstəqil inkişaf arzuları ilə əlaqələndirir.
"Qızıl milyard" deyilən məfhum əsrlər boyu, təxminən beş yüz il ərzində praktiki olaraq digər xalqları parazitləşdirib. Onlar Afrikanın bədbəxt xalqlarını parçalayıblar, Latın Amerikasını, Asiya ölkələrini istismar ediblər. Və təbii ki, heç kim bunları unutmayıb" - Rusiya lideri qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.