DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin hərbi-siyasi rəhbərliyi İraqa gedir

Türkiyənin hərbi-siyasi rəhbərliyi səfər çərçivəsində Bağdadda terrorla mübarizə çərçivəsində keçiriləcək iclasa qatılacaqlar.
Sputnik
BAKI, 13 mart — Sputnik. Türkiyənin hərbi-siyasi rəhbərliyi İraqa gedir. "TRThaber" xəbər verir ki, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın sabah İraqa gedəcəklər.
Adıçəkilən şəxslər səfər çərçivəsində Bağdadda terrorla mübarizə çərçivəsində keçiriləcək iclasa qatılacaqlar.
Qeyd edək ki, Türkiyənin İraqın şimalında PKK terror təşkilatını tamamilə məhv edəcək planının detalları açıqlanıb. Türkiyə KİV-ləri xəbər verir ki, İraqda ortaq hərəkət mərkəzinin qurulması üçün işlərə başlanılıb.
Qeyd olunub ki, PKK-nın bölgədən tamamilə təmizlənməsi üçün strateji bir nöqtədə mərkəz qurulacaq. İraqın Kandil, Sincar, Mahmur, Süleymaniyə və Qara bölgələrində PKK-nın nəzarət nöqtələri müəyyənləşdirilərək təmizlənəcək.
Məlumata görə, Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək üçün İraqla diplomatik təmasları davam etdirir.
Bildirilib ki, PKK terrorçularının yerləşdiyi nöqtələr müəyyən edildikdən sonra həmin ərazilər üçün əməliyyatların planı müəyyənləşdiriləcək.
Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İraqda yeni əməliyyatın anonsunu verib. Onun sözlərinə görə, Türkiyə bu yay terror problemindən xilas olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il 12 ildən sonra ilk dəfə İraqa səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.